Keçid linkləri

2025, 04 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:26

Xəbərlər

Ukrayna MN: Rusiya ilin əvvəlindən müharibəyə 902 Özbəkistan vətəndaşını cəlb edib

Arxiv fotosu
Arxiv fotosu

2025-ci ilin əvvəlindən bəri Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün 902 Özbəkistan vətəndaşını cəlb edib. Bu barədə Ukraynanın "Yaşamaq istəyirəm" dövlət layihəsi (Müdafiə Nazirliyinin təşəbbüsüdür) məlumat yayıb.

Bildirilib ki, Rusiya hakimiyyəti orduya canlı qüvvə cəlbi üçün "eyni metodlara" əl atır. Xüsusilə qeyd olunub ki, Özbəkistandan olan miqrantlar "yüksək maaşlı iş" vədləri ilə - tikinti sahələrində və ya ordunun arxa cəbhəsində işləmək adı altında aldadılır. Əsas stimullardan biri isə Rusiya vətəndaşlığı vədidir.

"Rusiya həbsxanalarında məhkumluğunu çəkən şəxslər isə təhdid və psixoloji təzyiqlərlə müharibəyə getməyə məcbur edilirlər", - deyə məlumatda qeyd olunub.

"Yaşamaq istəyirəm" bildirib ki, Ukrayna əsirliyində 33 ölkənin vətəndaşı var və Özbəkistan xarici hərbi əsirlərin sayına görə birinci yerdədir.

Layihənin məlumatına görə, bu il iyunun 5-də polkovnik Alişir Narbayevin rəhbərlik etdiyi Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Kursk vilayətinin Postoyalıye Dvori kəndində yerləşən poliqona səfər edib. Nümayəndə heyətinə Leninqrad hərbi dairəsinin hərbçilərinin döyüş hazırlığı ilə bağlı məruzə təqdim olunub.

"Ümid edirik ki, bu, rəsmi səfər idi və Rusiya ordusunun Özbəkistandan olan xarici muzdlu döyüşçüləri hazırladığı yerlərə ziyarət deyildi", - Ukrayna layihəsində qeyd olunub.

2025-ci ilin aprelində layihə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamış 1 min 110 Özbəkistan vətəndaşının adlarını dərc etmişdi.

Litvanın baş naziri korrupsiya qalmaqalı fonunda istefa verib

Gintautas Palutskas
Gintautas Palutskas

Litvanın baş naziri Gintautas Palutskas korrupsiya qalmaqalı fonunda istefa verib. Bu barədə Litvanın mill televiziyası LRT məlumat yayıb.

"Palutskas səhər zəng edərək istefasını elan edib", - deyə Litva prezidenti Gitanas Nauseda bildirib. Prezident Nauseda iyulun 24-də baş nazir Palutskasa siyasi taleyi ilə bağlı qərar verməsi üçün iki həftə vaxt vermişdi. Ertəsi gün baş nazir "çoxdan planlaşdırılmış məzuniyyətə" gedəcəyini bəyan etmişdi.

İyulun 30-da Litva parlamentinin spikeri Saulius Skvernelis xəbərdarlıq etmişdi ki, Gintautas Palutskas postundan getməsə, "Litva Uğrunda Demokratlar İttifaqı" partiyası hakim koalisiyadan çıxacaq.

Bundan əlavə, Palutskas həm də çoxluq koalisiyasına daxil olan Litva Sosial Demokratlar partiyasının sədri vəzifəsindən istefa verib.

Litvanın hüquq-mühafizə orqanları isə baş nazirin qardaşının həyat yoldaşına məxsus "Dankora" şirkətində axtarış aparır. Yerli KİV daha əvvəl bildirib ki, "Dankora" şirkəti Avropa İttifaqının LEADER proqramı çərçivəsində təxminən 173 min avro məbləğində maliyyə dəstəyi alıb. Bu vəsaitlə şirkət "Garnis" şirkətindən akkumulyator sistemləri alıb. Həmin şirkətin səhmlərinin 49 faizi isə baş nazir Palutskasa məxsusdur. "Garnis" batareyaların tədarükü üzrə tenderdə yeganə iştirakçı olub və 145 min avro qiymət təklif edib.

Senator Qrem: Rusiya başa düşmür ki, ABŞ sanksiyalara yanaşmasını dəyişir  

Senator Lindsi Qrem Kiyevdə, 2024-cü il
Senator Lindsi Qrem Kiyevdə, 2024-cü il

ABŞ-nin nüfuzlu respublikaçı senatoru Lindsi Qrem deyir ki, Rusiya sanksiyalardan yan keçməyi öyrənib, lakin Donald Trampın prezidentliyi dövründə ABŞ bu məsələyə yanaşmanı dəyişəcək və Rusiyanın enerji resurslarını alan ölkələrə qarşı tədbirlər görəcək.

"Görünür, siz başa düşmürsünüz ki, prezident Tramp oyunun qaydalarını dəyişir və sizin neft və qazınızı alaraq hərbi maşınınızı dəstəkləyən ölkələrə tariflər tətbiq etməyə hazırlaşır. Yaxın vaxtlarda həmin ölkələrlə əlaqə saxlayıb onların da bu məsələyə sizin qədər laqeyd yanaşıb - yanaşmadığını öyrənsəniz, yaxşı olar", - respublikaçı senator X sosial şəbəkəsində yazıb.

Qrem Rusiyaya qarşı sərt məhdudiyyətlər planının müəlliflərindən biridir. Sözügedən təşəbbüsə əsasən, əgər bir ölkə Rusiyadan yanacaq alır, lakin Ukraynaya yardım göstərmirsə, həmin ölkənin ABŞ-yə ixrac etdiyi məhsullara 500%-lik tarif tətbiq olunacaq. Senatorun mümkün sərt sanksiyalar üçün hədəf göstərdiyi ölkələr arasında Hindistan və Çin də var. O, tarifin 100% də ola biləcəyini istisna etməyib.

İyulda Tramp Rusiyaya Ukrayna ilə münaqişənin həlli istiqamətində irəliləyiş əldə etməsi üçün 50 günlük müddət vermiş, əks halda 100%-lik tariflə hədələmişdi. Lakin iyulun 28-də verdiyi açıqlamada o, bu ultimatumun müddətini 10 günə endirib.

Bundan sonra X platformasında Lindsi Qremlə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev arasında qiyabi mübahisə baş verib. Medvedev qeyd edib ki, "bu cür addımlar Rusiya ilə ABŞ arasında müharibəni yaxınlaşdırır".

"Bizim danışıqlar masasına nə vaxt əyləşəcəyimizi diqtə etmək sizin və ya Trampın işi deyil. Danışıqlar yalnız hərbi əməliyyatımızın bütün məqsədlərinə nail olunduqdan sonra başa çatacaq. İlk növbədə Amerika üçün çalışın, babalar!" - Medvedev cavab verib.

İyulun 31-də ABŞ prezidenti Donald Tramp da Medvedevin müharibə təhdidinə reaksiya verib. Prezident Tramp "Truth Social" hesabındakı paylaşımında yazıb: "(....) Özünü hələ də prezident hesab edən, amma uğursuz sabiq prezident olan adama – Medvedevə deyin ki, sözlərinə diqqət etsin. O, çox təhlükəli bir əraziyə daxil olur!"

Neft Fondu daşınmaz əmlaka investisiyalardan zərər edib

Dövlət Neft Fondu
Dövlət Neft Fondu

Azərbaycan Dövlət Neft Fondu (ADNF) daşınmaz əmlaka qoyduğu investisiyalardan zərər görüb.

Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında iyulun 30-da açıqladığı rəyində bildirilir.

Rəyə görə, ADNF-in daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi dəyəri ötən ilin sonunda 3 milyard 537,7 milyon ABŞ dolları təşkil edib. Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vandom meydanı 8 ünvanında daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən ticarət mərkəzinə investisiya edib.

Sənəddə qeyd edilib ki, daşınmaz əmlak alt portfelinin 2024-cü ildə gəlirliliyi -2,9 faiz təşkil edib. Daşınmaz əmlak alt portfelinin tərkibində müştərək investisiyalar üzrə gəlirlilik isə -11,4 faiz olub.

Amma ümumi gəlirlərdə artım var. Qurumun 2024-cü il üçün təsdiqlənmiş büdcəsində vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 131,9 mln. manat proqnozlaşdırılıb. 12 aylıq icra göstəricilərinə əsasən onun vəsaitlərinin idarə edilməsindən 5 milyard 795,3 mln. manat və ya 3 milyard 409,0 mln. ABŞ dolları (və ya 6,0%) gəlir əldə edilib.

Neft fondunun ötənilki ümumi gəliriləri də artıb. Fondun ehtiyatları 56 milyard dollardan 60 milyarda çatıb. Əsas gəlirlər isə neft və qaz satışından əldə edilib.

ADNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb. Onun yaradıldığı vaxtdan ötən ilin sonuna kimi ümumi gəlirləri 207.3 milyard ABŞ dolları təşkil edib.

Fondun hesabatlarında ona daxil olan vəsaitlərdən böyük bir hissəsinin dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşməsinə ayrıldığı açıqlanıb. Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.

Tramp bildirib ki, Hindistana 25% rüsum tətbiq olunacaq

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp Hindistandan idxal olunan mallara 25% gömrük rüsumu tətbiq olunacağını açıqlayıb. O, bu qərarını, digər səbəblərlə yanaşı, Hindistanın Rusiyadan hərbi texnika və enerji resursu alması ilə əsaslandırıb. Trampın sözlərinə görə, Hindistan 25 faiz rüsuma əlavə olaraq müəyyən bir "cərimə" də ödəməli olacaq. Bu barədə prezident "Truth Social" sosial şəbəkəsində yazıb.

"Hindistan bizim dostumuzdur", - deyən ABŞ dövlət başçısı eyni zamanda əlavə edib ki, bu ölkə "hər zaman hərbi texnikasının böyük bir qismini Rusiyadan alıb və Çinlə yanaşı, Rusiyanın enerji daşıyıcılarının ən böyük alıcısıdır. Halbuki hamı Rusiyanın Ukraynada qətlləri dayandırmasını istəyir".

"Bütün bunlar yaxşı deyil", – deyə qeyd edən prezident Tramp əlavə edib ki, avqustun 1-dən Hindistan "yuxarıda sadalanan səbəblərə görə 25% rüsum və əlavə cərimə ödəyəcək".

Daha əvvəl də Tramp bəyan etmişdi ki, Hindistana tətbiq olunacaq rüsumlar 20–25% səviyyəsində ola bilər. Bununla yanaşı, Hindistanla ABŞ arasında ticarət sazişi üzrə danışıqlar hələ yekunlaşmayıb.

Tramp həmçinin vurğulayıb ki, ABŞ ilə razılığa gələ bilməyən ölkələr üçün əvvəlcədən artırılmış gömrük rüsumlarının tətbiqi tarixi, yəni 1 avqust dəyişdirilməyəcək.

ABŞ indiyədək yalnız az sayda ölkə ilə, o cümlədən Böyük Britaniya ilə ticarət sazişi imzalayıb. Bundan əlavə, Aİ ilə ilkin razılaşma əldə olunub, Avropa İttifaqı üçün rüsumlar 15% təşkil edəcək.

İran hökuməti 'saxta xəbər' ilə bağlı mübahisəli qanun layihəsini geri çəkib

Arxiv fotosu
Arxiv fotosu

İran hökuməti saxta xəbərlərlə (fake news) mübarizə adı altında irəli sürülən və sərt tənqidlərə səbəb olan mübahisəli qanun layihəsini geri çəkib. Tənqidçilər bu qanunun İranda onsuz da məhdud olan ifadə azadlığını daha da boğacağını bildirirdi.

Hökumətin sözçüsü Fatimə Məhacirani iyulun 30-da X platformasındakı paylaşımında islahatçı prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumətin “milli birliyi qorumaq məqsədilə” bu qanun layihəsini geri çəkdiyini elan edib.

22 maddədən ibarət qanun layihəsini hökumət və sərt xətt tərəfdarı olan məhkəmə sistemi hazırlayaraq ötən həftə parlamentə təqdim edib. Parlamentdə keçirilən səsvermədə 205 deputat layihənin sürətli qaydada baxılmasının lehinə, 49 deputat əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.

Tənqidçilərin “boğucu qanun layihəsi” adlandırdığı sənəd siyasətçilər və vətəndaş cəmiyyəti qrupları arasında geniş müzakirələrə səbəb olub. Onlar bildirirlər ki, “ictimai rəyi çaşdırmaq” və ya “dövlət təhlükəsizliyinə qarşı məzmun” kimi qeyri-müəyyən ifadələr mətbuat azadlığı və legitim tənqidləri basqı altına almaq üçün sui-istifadə vasitəsinə çevrilə bilər.

Hökumət üzvləri və ultrakonservativlər də daxil olmaqla qanun layihəsini dəstəkləyənlər bildirirlər ki, internetdə yanlış məlumatların sürətlə yayıldığı bir dövrdə bu qanun ictimai təhlükəsizliyi qorumaq və sabitliyi təmin etmək üçün vacibdir.

Onlar bu tədbirlərin milli təhlükəsizliyi və ictimai sabitliyi qorumaqdan ötrü zəruri olduğunu iddia edirlər.

Əgər qanun qəbul edilsəydi, “saxta xəbər yayanlar” 15 ilədək həbs cəzası ilə üzləşə bilərdi. Hüquqşünaslar hesab edirlər ki, bu, bəzi hallarda casusluq və ya adam oğurluğu kimi daha ciddi cinayətlərə verilən cəzalardan da sərtdir.

İran mətbuat azadlığı üzrə beynəlxalq reytinqlərdə daim son sıralarda yer alır. “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı son illik hesabatında İranı “mətbuat azadlığı baxımından dünyanın ən repressiv ölkələrindən biri” adlandırıb.

RSF-nin məlumatına görə, hazırda İranda 21 jurnalist həbsdədir.

AzadlıqRadiosunun rus xidməti orta dalğada yayımını bərpa edir

AzadlıqRadiosunun Praqadakı ofisi
AzadlıqRadiosunun Praqadakı ofisi

Avqustun 1-dən AzadlıqRadiosunun (RFE/RL) Rusiya xidməti efir yayımını bərpa edəcək. Yayım maliyyə çətinlikləri ilə əlaqədar iyunda dayandırılmışdı.

Dinləyicilər hər gün Moskva vaxtı ilə 08:30-dan 11:30-a qədər 1386 kHz tezliyində orta dalğa diapazonunda radionu dinləyə biləcəklər.

Radio proqramının cədvəlinə canlı xəbərlər, aktual mövzularda analitik tok-şoular, siyasət, mədəniyyət, ictimai mövuzlardan danışan ekspertlərlə müsahibələr, Azadlıq Radiosunun arxivindən ən yaxşı podkastlar daxildir.

Rusiya xidməti də daxil AzadlıqRadiosunun fəaliyyəti ABŞ Konqresi tərəfindən ayrılan vəsaitlə ABŞ Qlobal Media Agentliyi (USAGM) vasitəsilə maliyyələşdirilir.

2025-ci ilin martında ABŞ prezidenti Donald Tramp büdcə xərclərinin optimallaşdırılması məqsədilə, yeddi dövlət agentliyinin maliyyəsinin azaldılmasını nəzərdə tutan fərman imzalayıb. Bu qurumlar arasında ABŞ Qlobal Media Agentliyi (USAGM) də var idi.

AzadlıqRadiosu ABŞ Konqresinin 2025-ci il üçün artıq ayrılmış vəsaitlərin köçürülməsini tələb edərək USAGM-ı məhkəməyə verib. İyulun 18-də Kolumbiya dairə məhkəməsi media korporasiyasının xeyrinə qərar verib.

Maliyyə çətinliklərinə baxmayaraq AzadlıqRadiosu öz fəaliyyətini davam etdirir, lakin sərt qənaət tədbirlərinə əl atmağa məcbur olub. Belə ki, bəzi əməkdaşlar məcburi, qismən ödənişli məzuniyyətə göndərilib, yüzlərlə frilanser müəlliflə müqavilələr ləğv edilib, kontent həcmi ciddi şəkildə azaldılıb, peyk radiosu yayımı tamamilə dayandırılıb.

Ancaq media korporasiyası əlavə maliyyə mənbələri axtarmağa davam edir. Məhz bu səylər nəticəsində radionun yayımının bərpası mümkün olub.

Ukraynalılar müharibə bitənədək ABŞ-də qala biləcəklər

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, onun administrasiyası Ukrayna vətəndaşlarına müharibə bitənə qədər ABŞ-də qalmağa icazə verəcək.

DW-nin müxbirinin müharibədən dolayı ölkəsini tərk etmiş ukraynalıların ABŞ-də müharibənin sonunadək qalmasına icazə verilib-verilməyəcəyi ilə bağlı sualına prezident Tramp belə cavab verib: "Düşünürəm ki, biz bunu edəcəyik. Ukraynadan çoxlu insan gəlib və biz onlarla işləyirik".

2025-ci ilin yazında ABŞ-də humanitar proqram çərçivəsində yaşayan bir neçə Ukrayna vətəndaşı ölkənin Gömrük və Sərhəd Mühafizəsi Xidməti adından email alıb. Bu emaillərdə onlara statuslarının ləğv edildiyi və ölkəni yeddi gün ərzində tərk etmələri barədə xəbərdarlıq olunub.

Elektron məktubda qeyd olunub ki, ukraynalıların ABŞ-də qalmağa qanuni hüquqları yoxdur.

Daha sonra ABŞ Daxili Təhlükəsizlik Departamentinin sözçüsü məktubların "səhvən" göndərildiyini və Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən sonra ukraynalılar üçün yaradılmış U4U (Uniting Four Ukraine) proqramının qüvvədə qaldığını bildirib.

"Forbes"in məlumatına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra bu proqram çərçivəsində ABŞ 236 mindən çox müraciəti təsdiqləyib və proqram vasitəsilə 187 mindən çox ukraynalı ABŞ-yə gəlib.

Həbsdə olan İqbal Əbilovun kitabı çıxıb

İqbal Əbilov
İqbal Əbilov

Hazırda həbsdə olan "Talış Milli Akademiyası xəbərləri" jurnalının baş redaktoru, tədqiqatçı İqbal Əbilovun kitabı nəşr olunub.

Bu barədə Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.

Rus dilində nəşr olunan “Talış Nitqindən Fraqmentlər I” kitabına XIX əsrin ikinci yarısında şərqşünas Boris Dornun topladığı və 2012-ci ildə Əbilovun arxivlərdə aşkar etdiyi əlyazmaların salındığı bildirilir.

“Bu materiallar talış dilinin şimal dialekti barəsində bu günədək məlum olan ən qədim elmi araşdırmalardan biri olaraq xüsusi əhəmiyyət kəsb edir”, - deyə qeyd olunub.

Kitab Əbilovun həmtəsisçisi olduğu Talış Milli Akademiyasının təsis etdiyi "Bibliotheca Talyshica" seriyasının ilk nəşridir.

İqbal Əbilov bu il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il həbs cəzası alıb.

Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanıb.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır.

İqbal Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor örnəkləri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, araşdırmalar dərc edilib.

O, 2012-ci ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriatını, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

Britaniya Fələstini tanıyacağı ilə bağlı İsrailə xəbərdarlıq edib

Kir Starmer
Kir Starmer

Böyük Britaniya Fələstini tanıyacağı ilə bağlı İsrailə xəbərdarlıq edib. İyulun 29-da Böyük Britaniyanın baş naziri Kir Starmer bəyanatında bildirib ki, İsrail "Qəzzada dəhşətli vəziyyətə son qoymaq üçün əsaslı addımlar atmasa, Böyük Britaniya sentyabrda Fələstin dövlətini tanıyacaq".

Baş nazirin sözlərinə görə, İsrail atəşkəsə razılaşmaq, iki dövlətli həlli təmin edən uzunmüddətli davamlı sülhə dair öhdəlik götürmək və BMT-yə Qəzzaya yardım tədarükünü bərpa etməyə icazə vermək kimi digər şərtlərə də əməl etməlidir, əks halda Böyük Britaniya bu addımı sentyabrda BMT Baş Assambleyasında atacaq.

İsrailin baş naziri Benyamin Netanyahu isə Londonun bu planını tənqid edib. Netanyahu deyib ki, baş nazir Kir Starmer "HƏMAS-ın dəhşətli terrorunu mükafatlandırır və bu terrorun qurbanlarını cəzalandırır".

"Bu gün İsrailin sərhəddində olan cihadçı dövlət sabah Britaniyanı təhdid edəcək. Cihadçı terrorçulara qarşı güzəşt siyasəti həmişə uğursuzluqla nəticələnir. Bu, sizin üçün də uğursuz olacaq. Bu baş verməyəcək", - İsrail hökumət başçısı X platformasındakı paylaşımında bildirib.

ABŞ prezidenti Donald Tramp isə baş nazir Starmerin açıqlamasından əvvəl deyib ki, o, Şotlandiyada səfərdə olarkən Britaiya baş naziri ilə görüşündə Fələstin dövlətçiliyinin tanınması məsələsini onunla müzakirə etməyib.

Prezident Trampın sözlərinə görə, bu addım (Fələstinin tanınması) "HƏMAS-ı mükafatlandırmaq olardı". "Düşünürəm ki, onlar mükafatlandırılmamalıdr", - Tramp vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs isə bildirib ki, baş nazir Starmerin planı "7 oktyabr qurbanlarının üzünə bir şillə"dir.

Fransa da BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin Dövlətini tanıyacağını bildirib. İsrail və ABŞ bu qərarı pisləyiblər.

Qəzzada döyüşlər 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücum edərək 250-dən çox insanı girov götürdüyü vaxtdan bəri davam edir. İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı isə on minlərlə sakinin ölümünə səbəb olub. Vaxt keçdikcə bir çox Qərb ölkələri bu əməliyyata görə İsraili daha çox tənqid etməyə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsi hətta HƏMAS-ın bir neçə komandiri ilə yanaşı, İsrailin baş naziri Benyamin Netanyahunun həbsi barədə order verib.

ABŞ prezidenti Donald Tramp iyulun 28-də Şotlandiyada səfərdə deyib ki, Qəzzada çox sayda insan aclıqdan əziyyət çəkir və ABŞ digər ölkələrlə birlikdə Qəzza əhalisinə daha çox humanitar yardım çatdırmaq üçün əməkdaşlıq edəcək.

Tramp Ukrayna ilə razılığa gəlmək üçün Rusiyaya 10 gün vaxt verib

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp Rusiyaya Ukrayna ilə razılaşma əldə etmək üçün 10 gün vaxt verib. Onun jurnalistlərlə söhbətinin audioyazısı Ağ Evin YouTube kanalında yerləşdirilib.

Prezidentin sözlərinə görə, bu müddətdən sonra onun vəd etdiyi rüsumlar tətbiq olunacaq. Lakin Tramp bunun Moskvaya təsir edəcəyinə əmin deyil, çünki Rusiya prezidenti Vladimir Putin "açıq şəkildə müharibənin davam etməsini istəyir".

Tramp əminliyini bildirib ki, bu rüsumlar dünyada neft qiymətlərinə təsir etməyəcək, çünki ABŞ hasilatı artıra bilər.

Daha əvvəl Tramp Rusiyadan ABŞ-yə ixraca və Rusiya ilə ticarət edən ölkələrin ixracına 100 faiz rüsum vəd etmişdi. Bu halda məhdudiyyətlər Çin, Avropa İttifaqı ölkələri, Hindistan və Türkiyəyə də təsir göstərə bilər.

Peskov: Trampın bəyanatı Moskvada 'qeydə alınıb', müharibə davam edir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna ilə sülh sazişinə nail olmaq üçün Rusiyaya verdiyi möhlətin qısaldılması barədə bəyanatını Moskvada "qeydə alıblar". O bildirib ki, Ukraynada "xüsusi hərbi əməliyyat davam edir". Moskva 2022-ci ilin fevralından Ukraynaya qarşı başlatdığı işğalçı müharibəsini "xüsusi hərbi əməliyyat" adlandırır.

Vladimir Putinin mətbuat katibi vurğulayıb ki, onun ölkəsi "sülh prosesinə sadiqliyini qoruyur", eyni zamanda isə sülh yolu ilə nizamlanma çərçivəsində öz maraqlarını təmin etməyə çalışır.

D.Tramp bir gün öncə deyib ki, Ukraynada atəşkəsdən ötrü Rusiyaya verdiyi 50 günlük möhləti qısaldaraq 10-12 günə salır. Trampın sözlərinə görə, Putinlə bağlı "çox məyusdur", əgər Moskva Kiyevlə sülh sazişinə nail olmursa, bu ayın əvvəlində tərəflərə verdiyi 50 günlük ilkin müddətin sonunu gözləməsinə "ehtiyac yoxdur".

Tramp Rusiyaya 10-12 günlük möhlət verdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Peskov Trampın "Putinlə sadəcə danışmaq naminə danışmaqda maraqlı olmadığı" barədə sözlərinə münasibət bildirərkən "hər hansı qiymətləndirmədən çəkinmək istədiyini" vurğulayıb.

O əlavə edib ki, Vladimir Putin və Donald Tramp arasında mümkün görüş məsələsi hazırda gündəmdə deyil.

Peskovun sözlərinə görə, Rusiya ABŞ ilə münasibətlərin qurulmasında maraqlıdır, lakin son dövrlərdə bu proses nəzərəçarpacaq dərəcədə ləngiyib.

Rusiyanın müttəfiqləri

Kremlin sözçüsü jurnalistlərin suallarını cavablandırarkən Şimali Koreya, İran və Çini Rusiyanın "müttəfiqləri" adlandırıb və bildirib ki, Moskva bu ölkələrlə "dünya nizamnına dair bir çox məsələdə ortaq baxışa malikdir".

Bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun bir gün əvvəl verdiyi bəyanatla ziddiyyət təşkil edir. Lavrov deyib ki, "tarixdə ilk dəfə olaraq" Rusiya Qərblə mübarizə aparır və bu mübarizədə heç bir müttəfiqi yoxdur.

Rusiya ilə Şimali Koreya arasında hərbi tərəfdaşlıq sazişi qüvvədədir və Şimali Koreya əsgərləri Ukraynaya qarşı müharibədə iştirak ediblər. İran və Çin isə Rusiyaya hərbi təyinatlı məhsullar daxil olmaqla, müxtəlif mallar tədarük edir. Bununla belə, həm Tehran, həm də Pekin bu münaqişədə birbaşa iştirak etmədiklərini vurğulayır.

Kamçatka yarımadasında 8.8 bal gücündə zəlzələ olub [Video]

Kamçatka
Kamçatka

Rusiyanın uzaq şərqində yerləşən Kamçatka yarımdasında baş verən 8.8 ballıq güclü zəlzələdən sonra Rusiya, ABŞ və Yaponiyada sunami xəbərdarlığı elan edilib.

Yaponiyada Hokkaydo ilə Kyuşu arasındakı sahil bölgələri üçün xəbərdarlıqlar verilib, ölkənin digər hissələrində isə daha aşağı səviyyəli xəbərdarlıqlar qüvvədədir. ABŞ-nin bütün qərb sahili, Alyaskanın uzaq Aleut adalarının bəzi hissələri, Havay adaları və Quam üçün də xəbərdarlıqlar verilib. Rusiyanın Saxalin vilayəti Şimali Kuril adalarında fövqəladə vəziyyət elan edib.

Kamçatkada 8.8 bal gücündə zəlzələ olub
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Şimali Kuril rayonunun meri Aleksandr Ovsyannikov bildirib ki, ərazidəki "hər kəs" təxliyə edilib. "Kifayət qədər vaxt, var idi - tam bir saat. Beləliklə, hamı təxliyə edildi, bütün insanlar sunami təhlükəsinin olduğu zonadan uzaqdır", - AFP merdən sitat gətirib.
Meteroloqlar isə sunami dalğalarının hündürlüyünün 3-4 metrə çata biləcəyini deyib.
Bunun 1952-ci ildən bəri Kamçatka yarımadasında qeydə alınan ən güclü zəlzələ olduğu bildirilib. "Güclü afterşoklar"ın (intensivliyi daha kiçik olan təkrar seysmik təkanlar) olacağı barədə xəbərdarlıq edilib.

"Maqnitudası 7,5-ə çatan nəzərə çarpan afterşokların ən azı daha bir ay davam edəcəyi gözlənilir", - Rusiya Elmlər Akademiyasının Geofizika İnstitutunun Kamçatka bölməsi xəbərdarlıq edib.

Dağıntılar
Dağıntılar

Rusiyanın TASS agentliyinin ilkin məlumatına görə, baş verən zəlzələ nəticəsində bir neçə nəfər xəsarət alıb.

ABŞ prezidenti Donald Tramp da Havay adalarında sunami xəbərdarlığı, Alyaska və ABŞ-nin Sakit okean sahillərində xəbərdarlığın elan olunması barədə paylaşım edib.

Çin, Peru və Ekvadorda da sunami ilə bağlı xəbərdarlıqlar edilib.

Hesablama Platası 65 milyon manatlıq pozuntu aşkarladığını bildirir

Büdcədən pul oğurlayanlarla mübarizə: Hesablama Palatasının əslində nəyə ehtiyacı var?
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Azərbaycan Hesablama Palatası (HP) dövlət vəsaitlərinin istifadəsində 65 milyon manatlıq pozuntu aşkarladığını bildirir.

Bu barədə Palatanın 2025-ci ilin ilk yarsında fəaliyyətinə aid iyulun 29-da açıqlanan hesabatında qeyd edilir.

Məlumata görə, qurumun həyata keçirdiyi audit tədbirləri nəticəsində dövlət vəsaitlərinin istifadəsində ciddi nöqsanlar və hüquqpozmalara rast gəlinib.

Hesabata görə, ümumilikdə 65 milyon manatlıq pozuntu faktı qeydə alınıb ki, bunun da 17,8 milyon manatı birbaşa dövlət büdcəsinə zərər kimi qiymətləndirilib.

Büdcə vəsaitlərinin bəzi hallarda funksional təyinatından kənar istifadə olunduğu müəyyən edilib. Artıq xərclər əsasən nəqliyyat xidmətləri, hədiyyə alınması və beynəlxalq tədbirlərlə bağlı olub. Habelə qeyd edilir ki, bəzən satınalmalar üzrə qanunvericiliyin tələbləri pozulub -planlaşdırma sənədləri yerləşdirilməyib, müqavilələr vaxtında icra edilməyib.

105,1 milyon manatlıq təhrif

Həmçinin vurğulanır ki, Palata maliyyə hesabatlarında 105,1 milyon manatlıq təhrif müəyyən edib. Bu məbləğin 12,6 milyon manatı əhəmiyyətli təhrif kimi dəyərləndirilib.

Hesabata görə, uyğunsuzluqlar əsasən dövlət vəsaitlərinin uçotu və istifadə olunması zamanı mühasibat, hesabat sistemlərində yol verilmiş nöqsanlar nəticəsində yaranıb.

Qeyd olunur ki, bir sıra qurumlarda dövlət əmlakı, aktivlərinin real dəyəri uçota düzgün alınmayıb, gəlir və xərclər qeyri-dəqiq əks olunub.

Hesablama Palatası nöqsanların aradan qaldırılması və maliyyə nizam-intizamının gücləndirilməsi məqsədilə aidiyyəti qurumlara təkliflər təqdim edib.

Hesabatda pozuntu və uygunsuzluqlara yol verən qurumların adları çəkilməyib.

Azərbaycan Hesablama Platası 2001-ci ildən fəliyyət göstərir. Hər il Milli Məclisə hesabat verməli olan bu qurum dövlət büdcəsinin həm gəlirlərinə, həm də xərclərinə nəzarət etməlidir. Ölkə parlamentindən fərqli olaraq bəzi müxalif qüvvələr onun fəaliyyətini tam yetərli saymır. Onlar hesab edirlər ki, bu qurum büdcə vəsaitlərinin mənimsənilməsinə aid ciddi pozuntuların üzərinə qətiyyətlə gedə bilmir. Hərçənd, Palata rəhbərliyi belə fikirləri qəbul etmir.

NASA və 'Roskosmos' rəhbərləri 2018-ci ildən bəri ilk dəfə görüşəcəklər

Foto arxivdəndir
Foto arxivdəndir

"Roskosmos"un baş direktoru Dmitri Bakanov NASA rəhbərliyi ilə danışıqlar aparmaq üçün ABŞ-nin Hyuston şəhərinə gedib. Bu barədə Rusiya xəbər agentlikləri "Roskosmos"un mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bakanovun NASA administratoru vəzifəsini icra edən Şon Daffi ilə iyulun 31-nə planlaşdırılan görüşü iki ölkənin kosmik agentliklərinin rəhbərləri arasında 2018-ci ildən bəri ilk təkbətək görüş olacaq.

"İnterfaks"ın məlumatına görə, müzakirələrədə Beynəlxalq Kosmik Stansiyanın (ISS) istismar müddətinin uzadılması, qarşılıqlı uçuşların davam etdirilməsi və stansiyanın orbitdən çıxarılması prosesi müzakirə olunacaq.

Rusiya nümayəndə heyətinin Conson adına Kosmik Mərkəzə və "Boeing" şirkətinin istehsalat bölməsinə ziyarəti də nəzərdə tutulub.

Kosmik proqram ABŞ və Rusiya arasında hələ də sıx əməkdaşlığın davam etdiyi azsaylı beynəlxalq layihələrdən biridir. "Reuters" qeyd edir ki, digər sahələrdə iki ölkə arasındakı münasibətlər 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra demək olar ki, tamamilə dayandırılıb.

2025-ci ilin yanvarında ABŞ prezidenti postuna qayıtdıqdan sonra Donald Tramp administrasiyası Moskva ilə təmasları bərpa etmək yönündə addımlar atmağa başlayıb. Lakin sonradan Tramp Ukraynada atəşkəsin əldə olunması üçün real irəliləyiş olmadığına görə Rusiya və prezident Vladimir Putinə qarşı səbrinin tükəndiyini, məyusluq hiss etdiyini açıqlayıb.

Tramp Qəzzada ərzaq mərkəzlərinin qurulacağını elan edib

Qəzzada aclıqdan ölənlərin sayı artır
Qəzzada aclıqdan ölənlərin sayı artır

Şotlandiyada səfərdə olan ABŞ prezidenti Donald Tramp iyulun 28-də Qəzzada çox sayda insanın aclıqdan əziyyət çəkdiyini deyib. O, İsrailin Qəzzaya humanitar yardım məsələsində daha çox iş görə biləcəyini vurğulayıb.

Qəzza səhiyyə orqanları bölgədə iki ildir davam edən müharibə nəticəsində ölü sayının 60 minə yaxınlaşdığını, aclıq və qida çatışmazlığından ölənlərin sayının sürətlə artdığını bildirir. Aclıqdan əziyyət çəkən uşaqların görüntüləri dünyanı sarsıdır və ağırlaşan humanitar vəziyyət fonunda İsrailə qarşı beynəlxalq tənqidləri daha da gücləndirir.

ABŞ prezidenti Şotlandiyada jurnalistlərə açıqlamasında İsrailin Qəzzaya beynəlxalq humanitar yardımın çatdırılmasına görə "böyük məsuliyyət daşıdığını" bildirib.

Qəzzada "real aclıq" olduğunu deyən prezident Trampın bu açıqlaması "Qəzzada aclıq yoxdur" deyən və HƏMAS-a qarşı mübarizəyə davam edəcəyinə söz verən İsrailin baş naziri Benyamin Netanyahunun çıxışı ilə ziddiyyət təşkil edib.

Prezident Trampdan baş nazir Netanyahunun qiymətləndirməsi (Qəzzada aclığın olmaması barədə) ilə razı olub-olmadığı soruşulduqda, Tramp belə cavab verib: "Bilmirəm. Televiziyaya baxanda deyərdim ki, o qədər də yox, çünki o uşaqlar çox ac görünür. Biz bir çox insanı, o uşaqlardan bəzilərini xilas edə bilərik. Bu, həqiqi aclıqdır; mən bunu görürəm və bunu saxtalaşdırmaq mümkün deyil".

"Orada hasar və sərhəd olmadan ərzaq mərkəzləri quracağıq ki, yardım daha asan çatdırılsın", - Tramp əlavə edib. Onun sözlərinə görə, ABŞ digər ölkələrlə birlikdə Qəzza əhalisinə daha çox humanitar yardım, o cümlədən ərzaq və sanitariya vasitələri təmin etmək üçün əməkdaşlıq edəcək.

Ağ evin sözçüsü isə qeyd edib ki, ərzaq mərkəzləri ilə bağlı əlavə detallar yaxın vaxtlarda açıqlanacaq.

İyulun 28-də Netanyahu Qəzzada vəziyyəti "çətin" adlandıraraq ölkəsinin Qəzza zolağına yardımın çatdırılmasını təmin etmək üçün çalışdığını deyib.

"İsrail Qəzza zolağına böyük həcmdə humanitar yardımın çatdırılmasını təmin etmək üçün beynəlxalq qurumlarla, eləcə də ABŞ və Avropa dövlətləri ilə işləməyə davam edəcək", - baş nazirin ofisindən verilən açıqlamada bildirilib.

İyulun 28-də Qəzzadakı Səhiyyə Nazirliyi son 24 saat ərzində azı 14 nəfərin aclıq və qida çatışmazlığından öldüyünü bildirib. Bununla da müharibə zamanı aclıqdan ölənlərin ümumi sayı 147-yə çatıb. Onlardan 88-i uşaqdır və əksəriyyəti son həftələrdə həyatını itirib.

İsrail isə həftəsonu bir sıra humanitar tədbirlər elan edib. Bunlara Qəzzanın üç bölgəsində döyüşlərə gündəlik fasilələr, yardım karvanları üçün yeni təhlükəsiz dəhlizlər və havadan humanitar yardım atışları daxildir.

Britaniya baş naziri Qəzza ilə bağlı fövqəladə iclas keçirir

"Guardian" qəzeti hökumət mənbələrinə istinadən yazıb ki, Britaniya baş naziri Kir Starmer iyulun 28-də Tramp ilə Qəzza mövzusunu qapalı şəkildə müzakirə edib.

Baş nazir bu gün, iyulun 29-da Qəzza üçün sülh planını və humanitar yardım səylərini müzakirə etmək məqsədilə Nazirlər Kabinetinin fövqəladə iclasını keçirəcək. Kir Starmer iyulun 28-də Şotlandiyada Trampla görüşü zamanı Qəzza üçün Avropanın hazırladığı sülh planını da təqdim edib.
Baş nazirin ofisi planın detalları barədə açıqlama verməsə də, bugünkü kabinet iclasından sonra "növbəti addımlar"ın ictimaiyyətə açıqlanacağını bildirib.

Starmerin sözçüsünün verdiyi məlumata görə, bu təkliflər qarşıdakı günlərdə ərəb dövlətləri də daxil olmaqla müttəfiq ölkələrə təqdim olunacaq.

Qəzzada döyüşlər 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücum edərək 250-dən çox insanı girov götürdüyü vaxtdan bəri davam edir. İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı isə on minlərlə sakinin ölümünə səbəb olub. Vaxt keçdikcə bir çox Qərb ölkələri bu əməliyyata görə İsraili daha çox tənqid etməyə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsi hətta HƏMAS-ın bir neçə komandiri ilə yanaşı, İsrailin baş naziri Benyamin Netanyahunun həbsi barədə order verib.

Davamı

XS
SM
MD
LG