'Mossad'ın keçmiş rəhbərləri Trampdan Qəzzadakı müharibəni dayandırmağı xahiş edirlər

Girov götürülən israillilərin azad edilməsi tələbi ilə İsrail Müdafiə Nazirliyi qarşısında nümayiş.

İsrailin xüsusi xidmət orqanlarının 550-dən çox keçmiş yüksəkvəzifəli əməkdaşı, o cümlədən "Mossad" kəşfiyyat xidmətinin və "Şabak" təhlükəsizlik xidmətinin keçmiş rəhbərləri ABŞ prezidenti Donald Trampa açıq məktubla müraciət ediblər. Onlar ABŞ prezidentini İsrailin baş naziri Benyamin Netanyahu hökumətinə təsir göstərməyə və Qəzza zolağında müharibəyə son qoymağa çağırıb.

"Peşəkar nöqteyi-nəzərdən, HƏMAS artıq İsrail üçün strateji təhlükə yaratmır", - AFP-nin sitat gətirdiyi məktubda deyilib.

"Şabak"ın keçmiş rəhbəri Ami Ayalon videomüraciətində bildirib: "Əvvəlcə bu ədalətli müdafiə savaşı idi. Amma biz bütün hərbi məqsədlərə nail olduqdan sonra o, belə bir müharibə olmaqdan çıxıb". Onun sözlərinə görə, təxminən 23 aydır davam edən bu müharibə "İsrail dövlətinin həm təhlükəsizliyinin, həm də kimliyinin itirilməsinə gətirib çıxarır".

Məktubda vurğulanır ki, İsrail ordusu artıq güc yolu ilə əldə oluna biləcək bütün məqsədlərə nail olub. Belə ki o, HƏMAS-ın hərbi infrastrukturunu məhv edib və Qəzzada idarəçiliyini aradan qaldırıb. "Üçüncü və ən mühüm məqsədə – bütün girovların qaytarılmasına ancaq razılaşma yolu ilə nail olmaq olar", - açıq məktubda qeyd olunub.

"HƏMAS-ın qalan liderlərinin təqibi daha sonra da davam edə bilər", - məktub müəllifləri bildirib.

Onlar Trampın İsrail xalqı arasında nüfuza malik olduğunu və Netanyahuya təsir göstərə biləcəyini düşünür. Onlar bildirib ki, atəşkəsdən sonra ABŞ prezidenti regional koalisiyanın yaradılmasına və Fələstin Muxtariyyətinin yenidən qurulmasına kömək edə bilər. Bu muxtariyyət Qəzza sektorunun idarəsini HƏMAS-dan alaraq öz üzərinə götürə bilər.

İsrailə qarşı beynəlxalq təzyiq günbəgün artır, atəşkəs çağırışları getdikcə daha çox səslənir. Ancaq hakim koalisiyanın bir neçə naziri də daxil olmaqla, bəzi İsrail siyasətçiləri hücumun davam etdirilməsini və Qəzza sektorunun bir hissəsinin və ya bütövlükdə işğalını dəstəkləyir.

Xatırlatma

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib. Həmin hücum nəticəsində təxminən 1200 nəfər həlak olub, 251 nəfər isə girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insan öldürüldüyü bildirilir, amma bunun neçəsinin döyüşçü olduğu bəlli deyil. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 150-dən çox şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.