Həbsdəki alim: 'Sənədlərimi aldılar, boğazımdan tutub sürüyə-sürüyə... məhkəməyə gətirdilər'

Fazil Qasımov

İstanbul Universitetinin azərbaycanlı doktorantı, iki ildir həbsdə olan Fazil Qasımov saxlandığı Umbakı Penitensiar Kompleksində zorakılığa məruz qaldığını deyir. Bakı Apellyasiya Məhkəməsində bu barədə danışan alim bildirib ki, məhkəməyə gətirilərkən bir sıra sənədi, o sıradan məhkəmədə səsləndirmək üçün öncədən hazırladığı vəsatətləri müəssisədə zorla əlindən alıblar: "Buna etiraz edəndə iki nəfər qollarımı arxaya qatladı, yumruqla, şillə ilə məni döydülər. Boğazımdan tutub, sürüyə-sürüyə dustaq maşınına mindirib bu vəziyyətdə məhkəməyə gətirdilər".

F.Qasımov Bakı Apellyasiya Məhkəməsində işinə baxan hakim Aqil Musayevdən qaba davranışla üzləşdiyi ilə bağlı şikayətinin araşdırılmasını, tədbir görülməsini istəyib. O, heç bir cinayət törətmədiyi halda, iki ildir qanunsuz həbsdə saxlanmasının, üstəlik, işgəncələrə məruz qalmasının sağlamlığında ciddi problemlər törətdiyini, psixoloji durumunun alt-üst olduğunu vurğulayaraq deyib: "Tibbi yardıma ehtiyacım var".

Hakim cavabında bu məsələnin onlara dəxili olmadığını söyləyək "vəkilin prokurorluğa yazsın" sözləriylə kifayətlənib.

Məhkəmə avqustun 6-da davam edəcək

Təqsirləndirilən alimin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, o, müdafiə hüququnun pozulmasına etiraz olaraq yenidən aclığa başlamaq niyyətindədir və bu barədə Umbakı Penitensiar Kompleksinin rəhbərliyinə də yazılı şəkildə müraciət edib: "Ərizəsində də göstərib ki, həm pis rəftara məruz qalır, həm də keyfiyyətli hüquqi yardım almaq, müdafiə olunmaq hüququ pozulur. Məhkəmədə vəsatətlər verməlidir, onları əlindən alırlar. Ən adi hüquqlardır".

F.Qasımovun döyülməsi, sənədlərinin əlindən alınması barədə məhkəmədə səsləndirdiyi fikirlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. AzadlıqRadiosuna daha öncəki açıqlamalarında Penitensiar Xidmət məhkumlara qarşı işgəncə şikayətlərini yalanlayaraq belə müəssisələrdə saxlanılan məhkumların qanunda nəzərdə tutulan hüquqlarının təmin olunduğunu bildirib.

Xatırlatma

F.Qasımov professor Qubad İbadoğlu ilə eyni cinayət işində təqsirləndirilərək həbs edilib. O, 2023-cü il avqustun 8-də - Q.İbadoğlunun həbsindən təxminən 10 gün sonra İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona da eyni - Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə ittiham verilib

Q.İbadoğlu saxlandığı gün təşkilatın ofisində axtarış aparılıb və 40 min dollar tapıldığı, bunun bir bölümünün saxta olduğu iddia edilib. Təqsirləndirilən professorsa bu pulları ofisə elə hüquq-mühafizə orqanları əməkdaşlarının atdığını söyləyib.

İstintaqın gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələriylə ittiham verilsə də, o bu ittihamı da qəbul etməyərək cinayət işində yazılanları yalanlayıb.

Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla əsaslandırıb.

F.Qasımovun haqqındakı cinayət işi isə məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il həbs cəzası kəsilib.