Keçid linkləri

2025, 04 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:11

Qərbin Əfqanıstandakı missiyasına dair son hesabat: Korrupsiya gözardı edilib


Amerikalı və əfqan mühəndislər 2008-ci ildə Əfqanıstan ordusu qarnizonunun çertyojunu nəzərdən keçirirlər.
Amerikalı və əfqan mühəndislər 2008-ci ildə Əfqanıstan ordusu qarnizonunun çertyojunu nəzərdən keçirirlər.

ABŞ-nin Əfqanıstandakı dəstək səylərini qiymətləndirmək məqsədilə 2008-ci ildə yaradılmış qurum Konqresə 68-ci və son rüblük hesabatını təqdim edib. Hesabatda, demək olar ki, 20 il davam edən Qərb müdaxiləsi dövründə baş vermiş israfçılıq və "yayğın korrupsiya" ilə bağlı sərt tənqidlər yer alır. Eyni zamanda, Tramp administrasiyasının Əfqanıstana yardımı dayandırması ilə bağlı narahatlıq da ifadə olunub.

Hesabat iyulun 30-da "Taliban"ın Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirməsinin dördüncü ildönümündən iki həftə əvvəl, ABŞ hökumət agentliyi olan Əfqanıstanın Yenidən qurulması üzrə Xüsusi Baş Müfəttişliyi (SIGAR) tərəfindən yayımlanıb.

Hesabatın "Missiyanın sonuna dair önəmli məqamlar" adlı bölməsində qeyd olunub ki, Qərbin dəstəklədiyi Əfqanıstan hökuməti bəzən ABŞ-nin təklif etdiyi layihələri heç istəməyib.

"Məsələn, SIGAR müəyyən edib ki, 26 milyon dollara başa gəlmiş Əfqan Sərhəd Polisinə aid beş bina ya istifadəsiz qalıb, ya da nəzərdə tutulmayan məqsədlər üçün istifadə olunub. Məsələn, onlardan biri toyuq hininə çevrilib", - hesabatda deyilir.

99-səhifəlik hesabatda xatırladılıb ki, bu, ABŞ-nin Əfqanıstandakı missiyasının eniş-yoxuşlarını ətraflı şəkildə izləyən araşdırma seriyasının sonuncusudur, çünki ABŞ-nin bu ölkəyə yardımı dayandırılır.

Londonda yerləşən "Royal United Services Institute" (RUSI) beyin mərkəzinin tədqiqatçısı Orzala Nemət AzadlıqRadiosuna deyib ki, SIGAR-ın hesabatının başa çatması böyük itki olacaq: "Təəssüf ki, resursların israfı faktdır və bunu görməməzdən gəlmək olmaz. Heç olmasa, indi bu iddianı irəli sürərkən istinad edə biləcəyimiz etibarlı, mötəbər və sitat gətirilə bilən bir mənbənin olması yaxşı haldır".

Qərb Əfqanıstandakı korrupsiyanı görməzdən gəlib

"Əgər siz bu hesabatları izləsəydiniz, vəziyyətin hara getdiyini və necə bitəcəyini açıq-aydın bilərdiniz", - Əfqanıstan üzrə veteran analitik Tomas Ruttiq AzadlıqRadiosuna bildirib.

"Siyasətçilər isə bunu görməzdən gəldilər və 2021-ci ilin avqustunda qoşunlar ölkədən qaçmağa məcbur olana qədər bizə Əfqanıstandan müsbət mesajlar verməyə davam etdilər. Bu, Əfqanıstanda nələrin yanlış getdiyinə dair çox dəyərli bir məlumat arxividir. Donorlar və xüsusilə də ABŞ hökuməti bu hesabatlara əsaslansaydı, hər şey çox daha yaxşı ola bilərdi", - o əlavə edib.

Hesabatın başqa bir hissəsində qeyd olunub ki, Qərb ölkələri və beynəlxalq təşkilatlar Əfqanıstana böyük miqdarda vəsait axıdaraq korrupsiyanı daha da gücləndiriblər. ABŞ rəsmiləri isə bunu nəzərə almayaraq təhlükəsizlik və siyasi məqsədləri prioritetləşdiriblər.

Əfqanıstanda 22 milyondan çox insan humanitar yardımdan asılıdır.
Əfqanıstanda 22 milyondan çox insan humanitar yardımdan asılıdır.

Trampın Əfqanıstan siyasəti

SIGAR-ın yekun hesabatı təkcə ABŞ-nin keçmiş missiyasına bir baxış deyil. O, həmçinin Tramp administrasiyasının Əfqanıstana yardımı kəsməklə bağlı qərarının humanitar təsirini vurğulayıb. Qeyd olunub ki, Dövlət Departamentinin konkret proqramlarının niyə dayandırıldığı izah edilməyib.

Hesabatda qeyd olunub: "Əhali, Qaçqınlar və Miqrasiya üzrə Dövlət Bürosunun (PRM) nümayəndələri SIGAR-a bildirib ki, fərdi mükafatları (maliyyə dəstəyi) niyə ləğv edildiyi barədə məlumatlandırılmayıblar və qərar qəbul etmə prosesində iştirak etməyiblər".

AzadlıqRadiosu hesabatın bu və digər nüansları ilə bağlı Dövlət Departamentinə sorğu ünvanlayıb.

SIGAR bildirib ki, Vaşinqton apreldən Əfqanıstandakı fəaliyyətlərlə bağlı bütün xarici yardım mükafatlarını dayandırıb. Bu, yanvarda prezident Trampın imzaladığı qərar fonunda baş verib. Həmin qərara görə, "ABŞ-nin xarici yardım sənayesi və bürokratiyası ölkənin maraqlarına uyğun gəlmir və bir çox hallarda Amerika dəyərlərinə ziddir".

Qərardan sonra bir neçə gün ərzində Tramp administrasiyası ABŞ hökumətinin əsas sivil xarici yardım və inkişaf yardımı təşkilatı olan USAID-in sürətlə ləğv edilməsi istiqamətində addımlar atıb.

"Royal United Services Institute" (RUSI) beyin mərkəzinin tədqiqatçısı O.Nemət deyib: "ABŞ-nin Əfqanıstana yardımını kəsməsindən sonra insanlar ümidsiz vəziyyətdədir". O, insan alveri qurbanları üçün sığınacaqlar təmin edən USAID layihəsində çalışıb.

"Mən bu proqram sayəsində sığınacaq alan həssas qrupların başına nə gəldiyini və gələcəkdə nə olacağını bilmirəm", - o deyib.

SIGAR hesabatında bu il Əfqanıstanda USAID fəaliyyətlərinin dayandırılması zamanı "Taliban"ın aktivləri, o cümlədən hərbi texnikanı ələ keçirmək cəhdləri ilə bağlı ziddiyyətli məlumatlara da toxunub: "USAID bildirir ki, "Taliban"ın Baş Kəşfiyyat İdarəsinin ağır zirehli bölmələri bir neçə dəfə icraçı tərəfdaşların qərargahlarına zorla daxil olaraq avadanlıqları, nağd pulları və layihə sənədlərini müsadirə ediblər". Eyni zamanda, əməkdaşların saxlanıldığı və sorğu-sual edildiyi də vurğulanıb.

SIGAR əlavə edib ki, məlumatlar Vaşinqtonun rəsmi məlumatları ilə ziddiyyət təşkil edir. Çünki ABŞ-nin müvafiq qurumları "Taliban"ın belə bir müdaxiləsinin olmadığını deyib.

ABŞ prezidenti Donald Tramp "Taliban"dan ABŞ qüvvələrinin 2021-ci ildə tərk etdiyi hərbi texnikanın qaytarılmasını tələb edir.

"Əfqanıstan dünyada ən çox hərbi texnika satan ölkələrdən biridir, bilirsiniz niyə? Bizim qoyub getdiyimiz texnikanı satırlar", - Tramp yanvarda deyib. "Biz hərbi texnikamızı geri istəyirik".

SIGAR sentyabrda fəaliyyətini dayandıracaq. Ancaq bundan əvvəl qurum Əfqanıstan, Qəzza, Suriya və digər yerlərdən çıxarılan dərslərlə bağlı son hesabatını hazırlayacaq.

Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq hazırlayıb.

XS
SM
MD
LG