Keçid linkləri

2025, 04 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:37

İctimai fəal Anar Abdulla haqqında həbs-qətimkan tədbiri seçildi


Anar Abdulla
Anar Abdulla

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs olsa da, indiyədək barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmiş ictimai fəal Anar Abdulla haqqında qərar dəyişib. Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında həbs-qətimkan tədbiri seçilib.

İctimai fəalın həbs olunması təklifi prokurordan gəlib. O, iddia edib ki, A.Abdulla polis nəzarətinə vermə qətimkan tədbirinin qaydalarına əməl etmir: "Nərimanov rayon icra şöbəsinə gedib qeydiyyatdan keçmir".

A.Abdullanın vəkili buna etiraz edərək deyib ki, müvəkkilinin faktiki yaşayış yeri Binəqədi rayonu ərazisidir, bu barədə də rəsmi qurumlar məlumatlıdır. Üstəlik, onun qaydaları pozması, yayınması barədə heç bir şikayət yoxdur.

"Ağır Cinayətlər Məhkəməsi sifarişlər yerinə yetirə-yetirə Sifarişlər Məhkəməsi oldu"

A.Abdulla SMDT-nin rəhbəri, 1 il 4 aydır həbsdə olan Anar Məmmədli ilə birlikdə mühakimə edilir. Prokurorun həbs təklifinə münasibət bildirən hüquq müdafiəçisi bunu siyasi sifariş saydığını bildirib: "Mən məhkəməni bu sifarişi icra etməməyə çağırıram. Bəsdir, Bakı Ağır Cinayətlər Məhkəməsi sifarişlər yerinə yetirə-yetirə Bakı Sifarişlər Məhkəməsi oldu".

Etirazlara baxmayaraq, Aygün Qurbanovanın sədrlik etdiyi hakimlər kollegiyası prokurorun vəsatətini təmin edib və beləcə, ictimai fəal haqqında həbs-qətimkan tədbiri dəyişib.

Ardından prokuror ittiham aktını açıqlayıb. İstər A.Məmmədli, istərsə də A.Abdulla özünü təqsirli bilməyiblər.

Anar Məmmədli
Anar Məmmədli

SMDT rəhbəri ittiham aktının yazılma formasına da etirazını dilə gətirib və orada nə yazıldığının heç anlaşılmadığını deyib: "Özümü təqsirli bilmirəm, ittihamlar uydurmadır, bu öz yerində. İttiham aktı, ümumiyyətlə, hansı dildə yazılıb, bilinmir. Cümlənin əvvəli, sonu bilinmir. Nə dilində yazmısınız bunu?".

Bu məsələ ilə əlaqədar A.Məmmədli ilə prokuror arasında mübahisə yaranıb. Vəkillər də A.Məmmədlinin fikirlərini dəstəkləyərək bəzən ittiham aktında bir cümlənin üç-dörd səhifə tutduğunu söyləyiblər.

"SMDT işi" üzrə məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.

Xatırlatma

A.Abdulla bu il iyulun 11-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələriylə təqsirli bilinsə də, avtobusdan düşərkən saxlandığına və heç bir inzibati xəta törətmədiyinə diqqət çəkib.

SMDT rəhbəri A.Məmmədli isə ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. maddələrlə ittiham ağırlaşdırılıb.

SMDT-nin əməkdaşı olmuş A.Abdulla da təqsirləndirilən şəxs qismində cəlb edilib və ona da eyni maddələrlə ittiham verilib.

Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var.

Azərbaycan hakimiyyəti ölkədə heç kimin siyasi motivlərlə izlənmədiyini bildirir və iddia edir ki, həbs olunanlar konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

XS
SM
MD
LG